Doktorluq işi

Doktorluq işi

1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlamışdı.
Burada müəllif ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci il hadisələri ilə bağlayan fikir sahiblərinin qəti əksinə olaraq, Hüseyn Cavid romantizminin mənşəinin Zarvan (“Avesta”) fəlsəfəsindən başlandığını yazır. Bundan başqa, araşdırıcı demonizm kontekstində Hüseyn Cavid yaradıcılığı ilə antik yunan ədəbiyyatından üzü bəri başlayaraq, dünya ədəbiyyatı korifeylərindən Şekspir, Milton, Bayron, Şelli, Gete, Puşkin, Lermontov, Eminesku və başqa sənət adamlarının yaradıcılığı arasında geniş tipoloji təhlil aparır.
Dissertasiya iki il Nizami adına Ədəbiyyat İnstitutunun direktorunun və şöbə müdirlərinin dəmir sandıqlarında saxlandı: ”Oxumağa vaxt yoxdu, iş çoxdu” – deyə, bəhanələr edildi. Bunun başlıca səbəbi, bir tərəfdən Hüseyn Cavidi dünya ədəbiyyatının nəhəngləri ilə eyni sırada görməyən, o biri tərəfdən demonologiya fəlsəfəsini dərk etməkdə çətinlik çəkən məşhur alimlərimizin ənənəvi doqma ilə bağlılıqlarından irəli gəlirdi. Ancaq 1989-cu ildə Moskvadan və Gürcüstandan dəvət edilmiş dünya ədəbiyyatı üzrə məşhur beş mütəxəssis alimin Müdafiə Şurasında etdikləri müsbət çıxışları və xüsusən moskvalı rəsmi opponent professor A.L. Şteynin: “Biz romantizm ədəbiyyatı mütəxəssisləri bu dissertasiyayadək dünya romantizminin XIX əsrdə sona yetdiyi fikirindəydik, sən demə XX əsrdə Hüseyn Cavid kimi sənət nəhəngi varmış”- dediyi sözlər keçmiş Sovetlər Birliyində ədəbiyyatşünasıqda və fəlsəfədə ilk dəfə demonizm problemindən, onun fəlsəfi-estetik və siyası dəyərlərindən danışan dissertasiyanın qabağını xudpəsəntcəsinə kəsməyə çalışan bizim məşhurlara tutarlı cavab olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir