ANA SƏHİFƏ, Xəbərlər

YAXŞI Kİ VARSAN,YAXŞI Kİ,SƏNİN OĞLUNAM.. – ATAM ƏJDƏR İSMAYILOVUN DOĞUM GÜNÜNƏCAVİD İSMAYIL YAZIR

Cavid İSMAYIL.

Gözümü açandan milli kimliyə bağlılığı, Vətənə sevgini, Azadlıq ruhunu səndən öyrəndim. Hələ sovetlər dönəmində Şərurdakı evimizdə sənin iş otağında divara bir xalça asılmışdı. O xalçanın yuxarı başında iki böyük portret yerləşdirilmişdi. İkisi də hərbi geyimdə. Soruşanda kimdi bunlar? Deyirdin ağamdır. Sənin baban! Atam! Evimizə gələn qohumlar da həmin portretlərin erməni daşnaklarına qarşı Şərur-Dərələyəz istiqamətində həmkəndlilərindən təşkil etdiyi partizan dəstəsinin komandiri, Nuru paşanın ödül verdiyi Partizan Tağı, yəni babam, atamın atası olduğunu deyir, hamı onu “Ağam”çağırırdı. İllər keçdi, zaman ötüşdü.

XX əsrin sonları Milli Azadlıq Hərəkatının başlanğıc sıçrayışı getdiyi zaman bildim ki, o şəkillərdən biri doğrudan da erməni quldurlarına qarşı mübarizə aparmış babam Tağının, digəri isə Türk dünyasının atası Atatürkündür.Fikir verin, indi çoxlarına bu adi gələr. Lakin sovetlər dönəmində evində balaca şəkil nədir, heç adını çəkməyə cürət edilməyən bir dövrdə Böyük ATAMIZIN porteti asılan evdə doğulmuşam , o evdə tərbiyə almışam mən. Bir neçə il öncə, 45 yaşım olanda sən mənə bir hədiyyə etdin. İlk baxışdan sadə bir təqvim vərəqi olsa da, əslində mənə bir dünya bəxş etdin. Bəli, həmin gün- 01 iyun mənim dünyaya gəlişimin 45 illiyi idi. Həyatımın ən mənalı və dəyərli hədiyyəsini mənə təqdim etdin. Bu təqvim vərəqi həmin gün 45 ili tamam olan və 01 iyun 1972-ci ildə, düz 45 il əvvəl olduğu şaxlıqda qalmışdı. Öz əllərinlə üzərində yazdığın “oğlum Hüseyn Cavid 1 iyun 1972 səhər saat 1.30 anadan olub” sözləri məni məndən aldı və mənalı bir duyğulara sarılmış dünyaya apardı. Hələ də, yaş günüm gələndə ilk həmin anları, həm də böyük duyğu və fəxrlə xatırlayıram. Mən özümü dərk etməyə başlayanda sənin iş otağında erməni məkrinə qarşı, rus şovinizmi və imperiyaya qarşı yazdığın yazıların ilk oxucusu və o zamanın yazı makinəsində ilk yazan köməkçin oldum. Kitabxanadan bir kitab verərək “bunu oxu, qeydlərini et, başa düşmədiklərini müzakirə edərik” dediyin, eyni zamanda “… amma unutma, bu kitab indi qadağan olub, heç kim bu kitabın bizdə olduğunu bilməməlidir” deyə sirrini bölüşdüyün sirdaşın oldum.

Bakı – Noraşen qatarı ilə yol gedərkən, tikanlı məftilləri göstərib Araz çayını kitabdan oxuduğum kimi deyil, ağrılı-acılı tariximizin bir sipəri kimi tanıtdın mənə. O çayın arxasında Can Azərbaycanın olduğunu sakitçə göstərərək “bax ora da Azərbaycandır” deyəndə məhz səndən öyrəndim tarixin acı həqiqətlərini. Elə bundan təsirlənərək hələ 6 -cı sinifdə oxuyarkən Can Araz, Xan Araz şeirini yazdım. İndi də o dəftərçəm qalır. Hər dəfə o şeirə bənzətmədiyim şeiri oxuyanda həmin dəftərçəmi götürüb o şeirimi oxuyub xəyallara daldığın günləri xatırlayıram. Məgər şeirimdən çox, Vətən anlayışını oğluna ötürdüyün üçün fərəhlənirmişsən. Bunu artıq indi daha da çox anlayıram. İndi mən də atayam. Sənin Cavidin, mənim Oğuzum var. İndi mən onda həmin ruhu gördükçə qürurlanır və səni daha çox anlamağa başlayıram. Zaman gəldi, Milli Azadlıq Hərəkatı bir fırtına tək qopdu. Şükürlər olsun allaha ki, evdə balaça rəngli kağızda bir yerdə düzəltdiyimiz üç rəngli müqəddəs bayrağımızı böyük parçada düzəldib sənin verdiyin tərbiyəndən formalaşan ruhumla meydana çıxanlardan, azadlıq uğrunda səninlə bərabər, çiyin-çiyinə mücadilə edənlərdən oldum. Zamanında qatardan göstərdiyin o tikanlı simləri əlimlə qırmaqla, imperiya dirəklərini yandırmaqla, darmadağın etməklə biləsən nə qədər qürurlandım. Yaxşı yadımdadır SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi istintaq komissiyasının milliyətçə səhv etmirəmsə moldovan olan müstəntiqi məndən izahat alarkən həddi -buluğa çatmadığım üçün sənin iştirakınla aparılan dindirilmə zamanı ona sinə gərməyin. Sən mənim həyat kumirim, məni Vətən ucalığına aparan ən böyük zirvəm oldun – Ata.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir