Cavidşünaslıqda mühüm yer tutan əsər: “Dünya romantizm ənənələri və Hüseyn Cavid”

Cavidşünas alim, professor Əjdər Tağıoğlunun (İsmayılovun) 1983-cü ildə nəşr edilmiş “Dünya romantizm ənənələri və Hüseyn Cavid” kitabı oxucuların tələbi nəzərə alınaraq latın qrafikası ilə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə yenidən çap olunaraq cavidsevərlərin ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, cavidşünaslıqda mühüm yer tutan bu əsərdə müəllif Hüseyn Cavid romantizminin kontekstində dünya ədəbiyyatının romantik korifeyləri arasında tipoloji araşdırmalar aparıb və Azərbaycan romantizminin dünya romantizminin tərkib hissəsi kimi təhlilə çəkib.

Qeyd edək ki, görkəmli ədəbiyyatşünas alimlərimiz bu monoqrafiyaya qədər Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci illərdə baş vermiş
tarixi hadisələrlə əlaqələndirirdilər. Problemə bu mövqedən yanaşma Hüseyn Cavid romantizmini Nizami ilə başlanan klassik fəlsəfi romantik poeziyanın ənənələrindən məhrum edirdi, digər tərəfdən mütəfəkkir şairin dünya ədəbiyyatının nəhəng korifeyləri Şekspir, Bayron, Şiller, Höte ilə bir sırada dayanmaq hüququnu məhdudlaşdırırdı.