Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi

Filologiya elmləri doktoru, professor, filoloq-tarixçi Əjdər Tağıoğlunun (İsmayılov) "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" adlı kitabı "Elm və təhsil" nəşriyyatında yenidən latın qrafikasında çapdan çıxıb.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya elmlər doktoru Kamran Əliyev və professor Qəzənfər Kazımovdur. Ön sözün müəllifi sənətşünaslıq doktoru, professor A.Şteyndir. Kitabın girişində A.Şteyn monoqrafiyanın mahiyyəti haqqında aşağıdakı fikirləri qeyd edir: "Əjdər Tağıoğlu tarixi-tipoloji aspektdən Azərbaycan və dünya romantizminin ictimai və estetik mahiyyətini açmaqla H.Cavid yaradıcılığını klassik ənənəyə bağlayan cəhətləri müəyyənləşdirməyə çalışır. Bundan başqa, tarixi-müqayisəli təhlil axarında romantik şairin poetik simasında Azərbaycan, eyni zamanda Şərq və Qərb romantizminin poetik və estetik problemləri dünya ədəbiyyatı kontekstində öyrənilir".