Sadiq Qurbanov: "Tanınmış professor koronavirusa yoluxub"

"Turan Araşdırma Mərkəzi"(TAM) ictimai birliyinin sədri, cavidşünas alim, filoloq, tarixçi, türkoloq, professor  Əjdər İsmayılov COVİD-19 virusuna yoluxub. Bu barədə Milli Məclisin deputatı, komitə sədri, Yeni Azərbaycan  Partiyasının qurucu fəal üzvü, texniki elmlər namizədi Sadiq Qurbanov öz feysbuk səhifəsində YAP üzvlərinə və  sosial şəbəkə istifadəçilərinə müraciətlə bildirib. Millət vəkili paylaşımında məşhur "91-lər"dən və YAP-ın ən fəal yaradıcılarından biri, filologiya elmləri doktoru Əjdər İsmayılovun bu xəstəliyə qalib gələcəyinə inandığını qeyd edib. Mətni olduğu kimi təqdim edirik.
 

"Dəyərli dostlar, əziz Yeni Azərbaycan Partiyasının üzvləri!
Bildiyimiz kimi dünyanı bürüyən COVID-19 pandemiyası öz zərərli təsirlərini yaymaqda davam edir. Bir neçə gündür məşhur "91-lər"dən və YAP-ın ən fəal yaradıcılarından biri, filologiya elmləri doktoru, professor, cavidşunas alim, tarixçi Əjdər Tağı oğlu İsmayılov da bu xəstəlikdən əziyyət çəkir. Tanrıdan Əjdər müəllimə şəfa, möhkəm can sağlığı arzulayıram və inanıram ki, o hələ uzun illər "Turan Araşdırma Mərkəzi" ictimai birliyinə rəhbərlik edərək, türk xalqlarının zəngin mədəniyyətinin və qədim tarixinin təbliğ edilməsinə, eyni zamanda onlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə öz töhvəsini verəcəkdir."