Ürəyi azərbaycançılıq məfkurəsi ilə döyünən ağsaqqal və ziyalı

Azərbaycan xalqının görkəmli oğlu, tanınmış ictimai-siyasi xadim, alim və professor Əjdər İsmayılovun 80 illik yubileyidir

Bu il aprelin 23-də Azərbaycan tarix və ədəbiyyatşünaslığında uzun illərin zəhməti ilə ərsəyə gətirdiyi mötəbər əsərləri sayəsində erməni yalanlarını ifşa edən, Azərbaycan ədəbiyyatına öz dəyərli töhfələrini verən, cavidşünas, ictimai-siyasi xadim, "Turan Araşdırma Mərkəzi" içtimai birliyin sədri, tanınmış alim və professor Əjdər İsmayılovun 80 illik yubileyi qeyd ediləcək.

İlk növbədə, deyə bilərik ki, Əjdər İsmayılov daim Vətən sevgisi ilə ürəyi döyünən ziyalılarımızdandır və onun bu günə qədər göstərdiyi fəaliyyətinin hər bir damlasında, hər bir nəfəsində tükənməz azərbaycançılıq məfkurəsi dayanmaqdadır. Əbəs deyil ki, Əjdər müəllim uzun illər boyu apardığı araşdırmaçı tədqiqatları, elmi məqalələri və əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran elm adamlarımızdan biri olaraq qiymətləndirlməkdədir. Belə ki, Əjdər müəllim, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsini müxtəlif tarixi sənədlərlə isbatlayan və erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını beynəlxalq aləmə bəyan edən dəyərli alimimizdir. Professor Əjdər İsmayılov həm də ədəbiyyat vurğunudur və xüsusilə, onun tərəfindən araşdırılan Hüseyn Cavid yaradıcılığı bu ədəbi irsin püxtələşməsinə, daha dərindən qavranılmasına səbəb olmuşdur. Bu gün Əjdər müəllim ən nüfuzlu cavidşünas olaraq, bu gün də həmin irsin mükəmməlləşməsi istiqamətində qiymətli araşdırmalarını aparmaqda davam edir.

Lakin yazının əvvəlində də vurğulandığı kimi, Əgdər İsmayılov ürəyi azərbaycançılıq məfkurəsi ilə döyünən ağsaqqal və ziyalı olaraq, hər zaman öndə olmuş görkəmli ictimai-siyasi xadimdir. Belə ki, hələ ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə xalqımızın dahi oğlu, Ümummilli Liderimiz Heydər Əliyevin daima yanında olmuş və xalqın azadlığı uğrunda qorxmadan, çəkinmədən və qətiyyətlə mübarizə aparmışdır. Əjdər müəllim, eyni zamanda, məşhur "91"lərdəndir və bu gün üzvlərinin sayı 700 min nəfəri ötən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir.

Söz yox ki, Azərbaycanın elmində, ədəbiyyatında, eləcə də, ictimai-siyasi həyatında əzmlə, yorulmadan çalışan Əjdər müəllim ən xoş sözlərə, ən mötəbər hörmətə layiq olan Azərbaycan oğludur. Bu baxımdan, dəyərli alim Əjdər İsmayılovu 80 illik yubileyi münasibəti ilə bizlər də hörmətli ziyalımızı səmimi qəlbdən təbrik edir, yaradıcılıq və şəxsi həyatında davamlı müvəffəqiyyətlər və uğurlar arzulayırıq. Yubileyiniz mübarək, Əjdər müəlllim!

Rövşən RƏSULOV
Səs qəzeti