Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

    İyunun 12-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin siyasi silahdaşı, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Cavidşünas alim, filoloq-tarixçi, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin təsisçisi və ilk sədri, Yeni Azərbaycan Partiyasının ən fəal qurucularından olan mərhum professor Əjdər Tağı oğlu İsmayılovun anadan olmasının 85 illiyinə həsr olunan “Dövləti qoruyun!” adlı elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
    Sonra vətənpərvər alimin həyatı, elmi, ictimai-siyasi, pedaqoji fəaliyyəti haqqında geniş və dolğun məlumatı özündə əks etdirən “Dünənin sabahı” filmi nümayiş etdirilib.         
    Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev açaraq görkəmli ziyalı Əjdər İsmayılovun həyat və yaradıcılığından danışıb. Rektor bildirib ki, görkəmli alim, tanınmış ziyalı Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, “Şərq qapısı” qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub. Qeyd olunub ki, filoloq-tarixçi 300-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov çıxış edərək diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan Əjdər İsmayılovun elmi fəaliyyəti ilə yanaşı, siyasi fəaliyyəti də təqdirəlayiqdir. Əjdər İsmayılov ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə Ümummilli Lider Heydər Əliyevin daim yanında olub və xalqın azadlığı uğrunda mübarizə aparıb. O, 1992-ci ildə Azərbaycan Respublikasına prezident seçkisi öncəsi Şərur əhalisinin toplantısını təşkil edib, dahi şəxsiyyət Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdürüb. Bu toplantı görkəmli dövlət xadiminin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı olub. 1992-ci ildə Əjdər İsmayılov Şərur rayonunda ziyalılardan ibarət “Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupunu yaradıb, rayon ərazisini dairələrə ayırıb və bir neçə ayda otuz iki mindən artıq tərəfdar siyahıya yazılıb. Şərurluların bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın Naxçıvan şəhərində keçirilən təsis konfransının tarixi əsasını qoyub. 1992-ci ilin 24 aprelində Əjdər İsmayılov keçmiş Azərbaycan SSR Ali Sovetinin binası qarşısında ədalətsiz “Yaş senzi” ilə bağlı keçirilən mitinqlərin fəal təşkilatçılarından və iştirakçılarından olub. 1992-ci ilin 28 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası ictimaiyyəti nümayəndələrinin Ali Məclisin binasında keçirilən toplantısında az qala uçuruma yuvarlanan ölkənin xilasına gəlmiş dahi rəhbər Heydər Əliyevin ətrafında sıx birləşməyə çağırıb. 1994-cü il 5 oktyabr tarixində Ümummili Lider Heydər Əliyevin göstərişi ilə Azadlıq meydanında yüz minlərlə insanın iştirak etdiyi dövlət çevrilişinə etiraz mitinqinin təşkilatçılarından biri də məhz Əjdər İsmayılov olub.
    Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bənzərsiz şəxsiyyəti ilə seçilən Əjdər İsmayılovun ədəbiyyatşünaslıq, tarix, dilçilik, türkologiya və digər sahələrdə apardığı bütün tədqiqatlar Azərbaycan elmi üçün mühüm töhfələrdir. Qeyd edilib ki, Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kimi uydurma tarix və şəxsiyyətlərlə bağlı ciddi əsərlər ortaya qoyub, Albaniya ilə bağlı önəmli araşdırmalar aparıb və həmin tədqiqatlar bu gün Alban ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini öyrənənlər üçün qiymətli mənbələrdir. Əjdər İsmayılovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini vurğulayan İsmayıl Hacıyev onun Ümummilli Liderimizin ən yaxın silahdaşlarından və məşhur “91-lər”dən olduğunu qeyd edib. Heydər Əliyevçilik uğrunda sonacan, qətiyyətlə, təmənnasız mübarizə apardığını deyən akademik bildirib ki, Əjdər İsmayılov həyatının sonuna qədər Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Konfransda həmçinin AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi, Hüseyn Cavid irsinin tədqiqatçısı Səbinə Dünyamalıyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov, tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuz, professorun tələbəsi, şair Rüstəm Behrudinin çıxışları olub. Çıxışlarda alimin ictimai-siyasi fəaliyyətindən, apardığı ədəbi, tarixi, albanşünaslıq, dil, filologiya sahəsindəki tədqiqatlardan bəhs edilib.
    Sonda çıxış edən Əjdər İsmayılovun oğlu, iqtisadçı alim, hüquqşünas, Turan Araşdırma Mərkəzinin sədri Cavid İsmayıl atası ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyi, dövlətçiliyə xidmətləri ilə qürur duyduğunu vurğulayıb. Cavid İsmayıl atasının 85 illik yubiley tədbirində göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimova Turan Araşdırma Mərkəzinin fəxri fərmanını təqdim edib.
    Qeyd edək ki, konfransda eyni zamanda professorun Azərbaycan və Türk dillərində çap olunmuş kitabları, qəzetlərdə çap olunan məqalələri sərgilənib. Bir neçə adda olmaqla 30-dan artıq kitab universitetin Elmi Kitabxanasına hədiyyə edilib.